Dekabrın 22-də “Latsio” və “Yuventus” arasında oynalınan superkubok qarşılaşması İtaliya futbolu üçün fəlakətlə nəticələnə bilər.
“Daily Mail” xəbər verir ki, qarşılaşmanın Səudiyyə Ərəbistanında keçirilməsi İtaliya A seriyasının yayım haqlarının sahibi olan “BeIN Sports” rəhbərliyini qəzəbləndirib.
Buna səbəb Qətər və Səudiyyə Ərəbistanı arasında hazırda davam edən siyasi böhran olub. Belə ki, Qətərə məxsus “BeIN Sports”un 550 milyon dollarlıq televiziya yatırımı etdiyi İtaliya klubları arasında qarşılaşmanın təxminən iki ildir bu ölkəyə embarqo tətbiq edən Səudiyyə Ərəbistanında keçirilməsi gərginlik yaradıb.
Bu hadisələrdən sonra “BeIN” rəhbərliyinin A seriyasının yayım müqaviləsini ləğv etməyə hazırlaşdığı bildirilib.
Yayım hüquqlarından milyonlarla dollar qazanan və bu pullar vasitəsilə idarə olunan A seriyası komandaları üçün sözügedən qərarın “fəlakət” anlamına gələ biləcəyi qeyd olunur.