Norveç millisinin ulduz hücumçusu Erlinq Holand ABŞ-nin Texas ştatındakı Dallas şəhərində vəhşi qərb (vestern) üslublu geyim və suvenir mağazasında 10 min dollar xərcləyib.
Oxu.Az TMZ portalına istinadən xəbər verir ki, dünya çempionatındakı (DÇ) çıxışını yekunlaşdıran idmançı evə qeyri-adi bir əşya - yenot müqəvvası ilə qayıdıb.
1/4 final mərhələsində İngiltərə yığmasına əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq DÇ-dəki iştirakını dayandıran Norveç millisini daşıyan təyyarə dünən axşam saatlarında Osloya eniş edib. Holand sosial şəbəkədə təyyarənin trapından düşərkən çəkilmiş fotosunu paylaşıb və həmin kadrda onun əlindəki yenot müqəvvasını aydın görmək mümkündür.
Holand bu qeyri-adi suveniri Dallasdakı kovboy geyimləri və suvenirləri satılan mağazadan əldə edib.
Mağaza sahibinin nəşrə verdiyi məlumata görə, futbolçu milli komandadakı yoldaşları ilə birlikdə orada bir saatdan çox vaxt keçirib. Onlar kovboy şlyapaları, yenot dərisindən papaqlar, çəkmələr, kəmərlər və köynəklər alıblar. Sözügedən müqəvvaların qiyməti 450-750 dollar arasında dəyişib. Komandanın etdiyi bütün alış-verişin pulunu Holand şəxsən özü ödəyib.
