Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
EYOF-da qızıl qazanan güləşçilərimiz: Dünya çempionatında da birinci olmalıyıq
Qızıl medal qazandığım üçün çox sevinirəm. Əlbəttə ki, yarış öz ölkəmizdə keçirildiyi üçün daha ciddi hazırlaşdım. Sevincimin həddi-hüdüdu yoxdur.
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanmış yunan-Roma güləşçisi Fərid Sadıxlı deyib.
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı qarşıdakı hədəflərindən də danışıb:
“İlk hədəfim avqustdakı dünya çempionatında qızıl medal qazanmaqdır. Burada ən çətin rəqibim gürcüstanlı Davit Qvasalia idi. Onun çoxlu xal qazanmasına imkan verdim, amma qələbə qazanmağı bacardım”.
Qızıl medal qazanan sərbəst güləşçi Murad Haqverdiyev (45 kq) də çox sevincli olduğunu söyləyib. O, əvvəllər uduzduğu Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub etdiyini və sevincini bütün gənclərlə bölüşdüyünü bildirib:
“Qələbəmi bütün Azərbaycanla bölüşürəm. Müəllimlərimə, valideynlərimə və şəxsi müəllimim Faiq Xəlilova təşəkkür edirəm. Finala kimi asan qələbələr qazandım. Yalnız həlledici görüşdə çətinlik çəkdim. Dünya çempionatında da qızıl medal əldə edəcəyimə inanıram”.
Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalına ilk dəfə salınan güləşdə Azərbaycan ilk gündən iddiasını ortaya qoyub. Belə ki, bu gün yunan-Roma və sərbəst güləşçilərimiz iki qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
Rəylər