"Fənərbağça" klubunda baş məşqçi postuna Aykut Kocamanın gətirilməsi istiqamətində işlərə başlanılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım və klub rəhbərliyi 61 yaşlı mütəxəssisi komandaya qaytarmaq qərarına gəlib.
Kocaman danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. "Qalatasaray"a 1:2 hesablı məğlubiyyətdən sonra İsmail Kartalla yollarını ayıran "sarı-lacivərdlər" komandanı müvəqqəti olaraq Dirk Kuyta həvalə ediblər. Kocamanla görüşdən sonra tərəflər razılığa gəlsələr, onun təyinatı rəsmən açıqlanacaq.
Qeyd edək ki, Aykut Kocaman 1988-1996-cı illərdə futbolçu kimi "Fənərbağça"nın formasını geyinib. O, 2009/10 mövsümündə klubda idman direktoru vəzifəsində çalışıb, növbəti üç mövsümdə isə baş məşqçi olub. Təcrübəli mütəxəssis 2017/18 mövsümündə də İstanbul təmsilçisini çalışdırıb. Onun son iş yeri 2021-ci ildə rəhbərlik etdiyi "Başakşəhər" olub.