FIFA20 1-ci Liqasının 31-ci turu liderin dəyişməsi ilə əlamətdar olub. 10 oyundur rəqiblərinə uduzmayan turnir cədvəlinin lideri Rüfət Niftəliyevin Quba komandası gözlənilmədən autsayderlər qrupunda yer alan “Beylagan Lynx” kollektivinə 2:0 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu, qubalıların cari çempionatdakı ikinci məğlubiyyətidir. Beləliklə, üç xal itirən Rüfət Niftəliyev liderliyi də əldən verib.
Bu tura qədər Quba kollektivindən üç xal geri qalan Cavid Qurbanovun “Nakhchivan Alinja Tower” komandası öz oyununu qələbə ilə başa vuraraq, qubalılarla xallarını bərabərləşdirib və top fərqindəki üstünlünə görə liderliyə yüksəlib. Gərgin mübarizə şəraitində keçən oyunda Cavid Qurbanov Mingəçevir komandasını minimal fərqlə (2:1) yenib.
Mükafat uğrunda mübarizə baxımından Şəki və Qarabağ komandalarının oyunları da maraqla gözlənilirdi. Ötən turdakı məğlubiyyətdən sonra Şəki ən yaxın izləyicisini cəmi 1 xal qabaqlayırdı. Bu tur Ayxan Əliyev çətin rəqib olan Qazaxla oyununu qələbə ilə (1:3) başa vurmağı bacarıb. Qarabağ isə ardıcıl olaraq ikinci oyunda bərabərliklə kifayətlənməli olub. Tural Həsənov “Barda Knights” komandası ilə sülh bağlayıb (2:2). Bu nəticələrdən sonra komandalar arasında xal fərqi üçə yüksəlib.
Turun ən böyük hesablı qələbəsini Tovuz kollektivi rəsmiləşdirib. Ənvər Əliyevin komandası balaxanılar üzərində 1:6 hesablı qələbə qazanıb. Daha bir oyunda yeddi qol vurulub. Gərgin keçən mübarizədə turnir cədvəlinin orta pillələrində qərarlaşan Neftçala klubuna autsayder Qax ciddi müqavimət göstərib və 4:3 hesablı əzmkar qələbə qazanıb.
Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək “Glahub” “YouTube” kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.
Eyni zamanda FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytından əldə edə bilərsiniz.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və “Topaz”ın birgə təşkilatçılığı, “BirBank”ın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.
