FIFA20 Birinci Liqasının XX turu bu gün start götürüb. Günün ən maraqlı qarşılaşması liderlər qrupunda yer alan “Qazakh Ashiqs” və “Nakhchivan Alinja Towers” arasında baş tutub. Ötən həftə komandalar arasında keçirilən oyunda Qazax təmsilçisi ilk mövsümün qalibi üzərində minimal hesablı qələbə qazanmışdı – 3:2.
Bugünkü oyun liqanın favoritlərindən hesab olunan “Nakhchivan Alinja Towers” komandası üçün revanş almaq baxımından çox önəmli idi. Ancaq görünür, “Qazakh Ashiqs” komandası favoritlər sırasında möhkəmlənmək əzmindədir. Naxçıvan təmsilçisi üzərində eyni hesabla (3:2) qalib gələn qazaxlılar liderlər qrupunda yer aldıqlarının təsadüfi olmadığını sübut edirlər.
Bəs görəsən, iki oyun dalbadal Qazax Aşıqlarına məğlub olan Naxçıvan komandası öz iddiasını qoruyub saxlaya biləcəkmi? Yoxsa “Qazakh Ashiqs” komandasının “Quba Tigers” timsalında yalnız bir rəqibi qalır? Yeri gəlmişkən, liqanın lideri öz oyununu bir az sonra keçirəcək.
FIFA20 1-ci Liqasının maçlarını canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB “Youtube” kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı, BirBankın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.