Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və “Topaz”ın birgə təşkilatçılığı, “BirBank”ın baş sponsorluğu ilə keçirilən FIFA20 Birinci Liqasının növbəti həftəsinin əsas yekunu intriqanın qorunmasıdır.
Ardıcıl olaraq iki oyunda “Qazakh Ashiqs” komandasına uduzan “Nakhchivan Alinja Tower” 20-ci turdan sonra rəqiblərindən geri qaldı və turnir cədvəlinin üçüncü pilləsinə düşdü. Çoxları düşündü ki, naxçıvanlılar üçün artıq liderlik uğrunda mübarizə aparmaq xeyli çətinləşdi. Ancaq son iki turda uğurlu nəticə göstərən “Nakhchivan Alinja Tower” komandası rəqiblərinin büdrəməsindən istifadə edərək, lider mövqeyinə yüksəldi.
Onu da qeyd edək ki, “Quba Tigers” komandası 20-ci turda ilk məğlubiyyətini yaşadı. Qubalıları məyus edən komanda isə “Tovuz Winegrowers” oldu.
Autsayderlər qrupunda da maraqlı mübarizə davam edir. 16-cı turun nəticələrinə görə sonuncu yerdə qərarlaşmış “Neftchala Sailors” komandası yola saldığımız həftə keçirilən oyunlarda 11 xal toplayaraq, 16-cı pilləyə qalxmağı bacardı. Zaqatala təmsilçisi isə zəif nəticə göstərərək, turnir cədvəlinin sonuncu yerinədək gerilədi.
Bombardirlər yarışında aktivində 57 qol olan Cavid Qurbanov (“Nakhchivan Alinja Tower”) liderliyi ələ keçirib. 54 qol vuran Ayxan Əliyev (“Shaki Khans”) ikinci, hesabında 52 qol olan Vahid Əfəndiyev (“Qazakh Ashiqs”) üçüncü yerdədir.
FIFA20 Birinci Liqasının oyunlarını canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB “YouTube” kanalında və 16:00-dan 17:00-dək “İdman” TV-də izləməyə davam edin.
FIFA20 Birinci Liqası ilə bağlı bütün məlumatlarla kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytında tanış ola bilərsiniz.