Naməlum şəxslər Paris regionunda yerləşən böyük xəstəxananın inzibati direktorunun avtomobilindən 2024-cü il Yay Olimpiadası zamanı təşkilati tədbirlər haqqında məxfi məlumatların olduğu notbuku oğurlayıblar.
Məlumata görə, hücum edənlər şüşəni sındıraraq avtomobildəki çantanı aparıblar. Çantanın içində isə Olimpiya Oyunlarının keçiriləcəyi yerlərə gedən marşrutlar haqqında məxfi məlumatların yazıldığı notbuk olub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, bu, son səkkiz gündə Paris Olimpiadası ilə bağlı ikinci məlumat oğurluğudur. Fevralın 26-da Mərakeş əsilli şəxs paytaxt meriyasının mühəndisinin bel çantasını şəhərətrafı qatardan oğurlayıb. Onun içərisində də notbuk və Oyunlarda təhlükəsizlik tədbirləri haqqında məlumatların yazıldığı fləş-kartlar olub. Hücum edən şəxs bir neçə gün ərzində saxlanılıb və artıq 7 aylıq həbs cəzası alıb. Oğurlanmış notbuk və fləş-kartları isə tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: TASS
Rəylər