Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.
İdman.biz-in xəbərinə görə, seçmə komandamız Qazaxıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Macarıstanda təşkil olunacaq matç komandamızın tarixində 299-cu sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 298 matça çıxıb.
Bu müddətdə 60 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 160 dəfə uduzublar. Əvvəlki 298 qarşılaşmada 229 qol vuran futbolçularımız 492 top buraxıblar.
Bu qarşılaşma millinin 139-cu yoldaşlıq oyunu olacaq. Bunadək 138 belə matça çıxan komandamız 39 qələbə qazanıb. 45 heç-heçə edən millimiz 54 dəfə uduzub. 131 qol vuran millimiz 174 top buraxıb.
Qazaxıstanla görüş Arif Əsədovun rəhbərliyi altında 4-cü sınaqdır. Millimiz onun çalışdırdığı müddətdə 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub. 3 qol vuran komandamız qapısından 4 top buraxıb.
Qeyd edək ki, iyunun 11-də keçiriləcək yoldaşlıq görüşü saat 18:00-da başlayacaq. Qazaxıstan – Azərbaycan oyunu Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladas SportKomplexum" stadionunda keçiriləcək.