Futzal üzrə Azərbaycan millisi II “Xəzər kuboku”nda iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Mini Futbol Federasiyasının azərbaycanlı prezidenti Emil Əliyev “RİA Novosti”yə açıqlamasında bildirib.
“Biz artıq 2021-ci ildə U-19 Avropa çempionatını Rusiyanın Nijni-Novqorod şəhərində keçirmək istəyimizi bildirmişdik. Həmçinin 2020-ci ildə Həştərxanda II “Xəzər kuboku”nu keçirməyi planlaşdırırıq. Burada Azərbaycan, Rusiya, İran və Qazaxıstandan olan kişilərdən ibarət milli komandalar iştirak edəcək”, - deyə o, vurğulayıb.
Əliyevin sözlərinə görə, həmin ilin 9 May tarixində qadınlararası beynəlxalq turnir ilk dəfə olaraq Moskvada deyil, Nijni-Novqorodda keçiriləcək: "Bu, AVRO-2021-ə vəsiqə qazanmazdan əvvəl sınaq rolunu oynayacaq".
Federasiya prezidenti əlavə edib ki, keçirilən turnir sayca 11-ci olacaq və yarışa İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə bəzi dəyişikliklər ediləcək.