5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Həftəsi” çərçivəsində idman qurumlarının mətbuat katibləri və marketinq menecerləri üçün təşkil edilən treninqə bu gün yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təşkil edilən “Müasir Media” adlı treninqin mentoru Avropa Xəbər Akademiyasının proqram rəhbəri, BBC World News Avrasiya nümayəndəliyinin rəhbəri Sergey Stanovkin olub.
Treninqdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, kikboksinq, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon və boççia idmanı federasiyalarının məbuat xidmətlərinin rəhbərləri, əməkdaşları, eləcə də idman qurumlarının marketinq mütəxəssisləri iştirak ediblər.
Treninqin sonunda dinləyicilərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Sertifikatların təqdim edilməsi mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, ASAPES-in rektoru Fuad Hacıyev və rusiyalı qonaq Sergey Stanovkin iştirak edib.
Tədbirdə çıxış edən Fuad Hacıyev akademiyanın media və marketinq fəaliyyəti barədə məlumat verib və mətbuat katiblərinə uğurlar arzulayıb.
Qeyd edək ki, 28 fevral – 2 mart tarixlərini əhatə edən seminarda Oxu.Az-ın əməkdaşı Səbuhi Musa da Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin rəhbəri kimi iştirak edib.