İtaliyanın Milan şəhərində 17 apreldə parataekvondo və 18-19 apreldə isə taekvondo üzrə keçiriləcək Avropa Təsnifat Turniri koronavirusa görə başqa ölkədə keçiriləcək.
Oxu.Az xəbər verir ki, İtaliya hökuməti 4 mart tarixində ölkədəki yarışların dayandırılması və ya keçirilməməsi barədə qərar çıxarıb.
Buna görə Avropa Taekvondo Birliyi yarışın Rusiyanın paytaxtı Moskvada keçirilməsinə qərar verib. Yarış daha erkən – bir gün əvvəlki tarixdə baş tutacaq.
Belə ki, parataekvondo üzrə yarış aprelin 16-da keçiriləcək. Taekvondo üzrə Olimpiadaya lisenziya yarışı isə 17-18 apreldə baş tutacaq.
Qeyd edək ki, hər iki yarışda Azərbaycan idmançılarının Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün iştirak etməsi nəzərdə tutulub. Parataekvondo yarışında dörd, taekvondo yarışında isə üç idmançımız müvafiq olaraq Paralimpiya və Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.
Səbuhi Musayev
Rəylər