Bəzən idmanda qələbə medal qazanmaq deyil, bütün ağrılara baxmayaraq sona qədər mübarizə aparmaqdır. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında britaniyalı atlet Derek Redmond bunu bütün dünyaya göstərdi. O, finişə birinci çatmadı, medal da qazanmadı. Amma milyonlarla insanın yaddaşında qalan bir qəhrəmana çevrildi.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Olimpiya Oyunlarında medal qazanmasa da, bütün dünyanın yaddaşında qalan britaniyalı atlet Derek Redmonddan bəhs edəcəyik.
Olimpiya arzusu bir anda puç oldu
Derek Redmond 1965-ci il sentyabrın 3-də İngiltərədə anadan olub. O, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Avropanın güclü 400 metr məsafəyə qaçış üzrə idmançılardan biri idi. 1991-ci ildə Britaniya yığmasının heyətində dünya çempionu olmuşdu..
Redmond 1988-ci il Seul Olimpiadasında zədə səbəbindən iştirak edə bilməmişdi. Buna görə də dörd il sonra Barselonada keçirilən yarış onun üçün xüsusi əhəmiyyət daşıyırdı. O, Olimpiya medalını qazanmaq arzusunda idi və yarışa yaxşı hazırlaşmışdı.
400 metr məsafəyə qaçışın ilkin mərhələlərini uğurla keçən atlet yarımfinalda da finala vəsiqə uğrunda mübarizə aparırdı. Lakin hər şey bir anda dəyişdi.

Ağrı içində yerə yıxıldı
400 metr məsafənin təxminən 250-ci metrində Redmond qəfil sürətini itirdi. Sağ ayağının arxa hissəsindəki əzələ zədələndiyindən o, özünü saxlaya bilməyərək yerə çökdü.
Digər atletlər finişə doğru irəliləyərkən britaniyalı idmançı trekdə ağrı içində qalmışdı. Tibbi heyət ona kömək etmək üçün yaxınlaşsa da, Redmond yarışı yarımçıq dayandırmaq istəmirdi.
O, ayağa qalxdı və axsaya-axsaya finişə doğru hərəkət etməyə başladı. Olimpiya finalına yüksəlmək şansı artıq yox idi. Ancaq Redmond üçün həmin an əsas məsələ nəticə deyil, başladığı məsafəni başa vurmaq idi.

Atası tribunadan meydana qaçdı
Redmond son döngəyə yaxınlaşanda tribunadan bir nəfər qaçaraq trekə daxil oldu. Bu, onun atası Cim Redmond idi.
O, təhlükəsizlik əməkdaşlarının maneəsini aşaraq oğlunun yanına çatdı. Derek göz yaşları içində irəliləməyə çalışarkən atası onun çiynindən tutdu və dəstək göstərərək finişə doğru apardı. Atası əvvəlcə oğlunu yarışı dayandırmağa razı salmaq istəsə də, Derek davam etməkdə israrlı idi. Nəticədə onlar məsafəni birlikdə başa vurdular.
Stadiondakı minlərlə tamaşaçı ayağa qalxaraq onları alqışladı. Derek finiş xəttini atasının köməyi ilə keçdi. Həmin an Olimpiya tarixinin ən yaddaqalan səhnələrindən birinə çevrildi.
Bu hadisə haqqında danışan Redmond sonradan yarışı bitirmək istədiyini və atasının ona qoşulmasının gözlənilməz olduğunu xatırladıb.

Karyerası başa çatdı, hekayəsi isə yaşadı
Barselonadakı zədə Redmondun atletika karyerasına ağır zərbə vurdu. O, sonradan bir neçə əməliyyat keçirsə də, əvvəlki səviyyədə yarışlara qayıda bilmədi.
Bununla belə, onun idmanla əlaqəsi bitmədi. Redmond basketbol və reqbi ilə də məşğul oldu, daha sonra motivasiya çıxışları ilə tanındı. Onun atası Cim Redmond isə 2022-ci ildə 81 yaşında vəfat etdi.
Derek və atasının Barselonada yaşadıqları həmin an Olimpiya tarixində idman ruhunun, ailə bağlarının və çətinliklər qarşısında təslim olmamağın rəmzinə çevrildi.
Redmond Olimpiya medalını qazana bilmədi, amma o gün finiş xəttinə çatmaq üçün göstərdiyi iradə ona hər hansı medaldan daha uzunömürlü şöhrət qazandırdı.