III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışlarına bu gün yekun vurulub.
Oxu.Az xəbər verir ki, Xankəndi şəhər stadionunda baş tutan final qarşılaşmalarında Azərbaycanın qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb və məğlub olub.
Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan tutublar. Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandalar qazanıb. Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüblər.
Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.
Yarışlardan sonra qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.
III MDB Oyunlarının onuncu günündə 10 idman növü üzrə yarışlar baş tutacaq.
Oxu.Az xəbər verir ki, Gəncə İdman Sarayında qız və oğlan voleybolçulardan ibarət yarımfinal və qrup oyunları keçiriləcək. Azərbaycanın qızlardan ibarət millisi yarımfinalda Belarusla qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə Rusiya və Özbəkistan münasibətlərə aydınlıq gətirəcəklər.
Bu idman məkanında həmçinin güllə atıcılığı üzrə təsnifat və final mərhələləri, qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.
Gəncədə, həmçinin 3x3 basketbol üzrə yarışlar start götürəcək.
Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında müxtəlif çəki dərəcələrində final görüşləri keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında cüt və fərdi yarışların final mərhələsi keçiriləcək.
Göygöl Olimpiya İdman Kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşlər baş tutacaq.
Mingəçevirdə avarçəkmə üzrə final yarışları keçiriləcək.
Xankəndidə isə kamandan oxatma yarışlarına yekun vurulacaq.