“Barselona” klubunun yeni baş məşqçisi Ronald Kuman artıq bəzi azarkeşlərin qəzəbinə səbəb olub.
“Diario Sport” xəbər verir ki, məhz R.Kuman Luis Suaresə növbəti mövsümdə güvənə bilməyəcəyini söyləyib və Kataloniya təmsilçisinin transfer siyasətində söz sahibinə çevrilib.
Xüsusən R.Kumanın 2007-ci ildə “Valensiya”nın baş məşqçisi olaraq uğursuzluğu “Barselona” fanatlarını narahat edir.
“Valensiya”nın sabiq futbolçusu Xoakin Sançes R.Kumanın klubu tərk etməsindən sonra bildirmişdi ki, o, beş ay ərzində klubu məhv edib.
“R.Kuman özünü pis məşqçi kimi göstərdi. Bəzən lövhədə oyunu hansı taktika əsasında oynamalı olduğumuzu özümüz izah etməli olurduq. Heç bir oyunçu ilə danışmırdı, bütün məsələləri köməkçisi Baquero vasitəsilə həyata keçirirdi.
R.Kuman “Valensiya”dan çoxlu pulla getsə də, müvəffəqiyyətsizliyə uğradı və komandanı turnir cədvəlində dəhşətli yerdə buraxdı”.
Qeyd edək ki, R.Kumanın dövründə “Valensiya” La Liqanı 16-cı yerdə başa vurmuşdu.