Noyabrın 14-15-də Sərhədçi İdman Olimpiya Mərkəzində Kunq-fu Sanda üzrə XXXII Azərbaycan çempionatı və birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Kunq-Fu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 65 klubdan 450-dən çox idmançı iştirak edib.
Yarışın açılış mərasimi çərçivəsində kunq-fu üzrə xüsusi nümunələr təqdim olunub. Rafət Əsədov və tələbələri tərəfindən kunq-fu nümayişləri keçirilib. Kunq-fu üzrə dünya çempionu Elvin Səfərov "Piyan" stilini göstərib. Fatimə Məmmədova isə "Tay Çi" stilini təqdim edib.
İki gün davam edən yarışda idmançılar kunq-fu sanda üzrə öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək çempionluq və birincilik uğrunda mübarizə aparıblar. Qarşılaşmalar yüksək rəqabət şəraitində keçib.
Yarışın əsas məqsədi kunq-fu sanda idman növünün ölkəmizdə inkişaf etdirilməsi, gənclər arasında idmana marağın artırılması, perspektivli idmançıların müəyyənləşdirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
XXXII Azərbaycan çempionatı və birinciliyi ölkədə döyüş idman növlərinin inkişafı, idmançıların təcrübə qazanması və kunq-fu sanda idman növünün təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışda uğurla çıxış edən "Cavad" idman klubu da xüsusi nailiyyət əldə edib. Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatı və birinciliyində 40-a yaxın idmançı ilə iştirak edən klub ölkə üzrə 1-ci yerə layiq görülüb. Bu nəticə klubun idmançılarının yüksək hazırlıq səviyyəsini və komandanın uğurlu fəaliyyətini bir daha nümayiş etdirib.