La Liqa İspaniyanın idman orqanı olan Ali İdman Şurasına (CSD) Dani Olmonun "Barselona"da qeydiyyatdan keçməsinə icazə verən qərarından apellyasiya şikayəti verib.
Oxu.Az xəbər verir ki, çempionatın rəhbərliyi Mühasibatlıq və Audit İnstitutuna (ICAC) müvafiq ərizə göndərib.
"Maliyyə hesabatları göstərir ki, nə 31 dekabr 2024-cü ildə, nə də 3 yanvar 2025-ci ildə, nə də həmin tarixdən sonra "Barselona" Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirə bilməyib", - deyə La Liqadan bildirilib.
Cavab olaraq "Barselona"nın prezidenti Xuan Laporta bildirib ki, La Liqa "Kamp Nou"da VIP yerlərin satışının təfərrüatını dərc etməklə klubun məxfiliyini və eyni zamanda, Klubun Büdcə Hazırlanması Qaydalarının 5-ci maddəsini pozub.
Xatırladaq ki, La Liqa və İspaniya Futbol Federasiyası Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirməyə icazə vermədikdən sonra "Barselona" CSD-yə müraciət edib və müsbət cavab alıb.