Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mahir Emrelidən sevgilisi ilə bağlı AÇIQLAMA
“Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə: “Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən”, - deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: Kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki!?”
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli deyib.
Emreli Xorvatiya mətbuatına müsahibəsində bu gün “Xayduk”la keçiriləcək oyundan danışıb:
“Xayduk”la oyunun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu oyunun hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim. Buna görə də zədələnməyim çox pis oldu”.
Mahir ilk oyununu da xatırlayıb:
“Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi. Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim. Yəqin, fikirləşirdilər ki, “Dinamo” məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq”.
Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə qaldığını bildirib:
“Gələn həftə anam və bacım yanıma gələcəklər. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, bayıra çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Qəhvə içmək istəsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm”.
Mahir Emreli mərkəzdən çox, hücumun cinahında oynamağı xoşladığını da bildirib.
Rəylər