İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayr Mikonos şəhərində (Yunanıstan) polislərə hücum etdiyinə görə saxlanılıb.
Bu barədə Yunanıstanda nəşr olunan “Proto Thema” dərgisi məlumat yayıb.
Mənbə yazır ki, H.Maquayr və dostları Mikonosda yerləşən barların birində dava salıblar.
Bir müddət sonra isə 27 yaşlı müdafiəçi və dostları hadisənin baş verdiyi məkana gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına da müqavimət göstəriblər.
Nəticədə futbolçu və iki dostu saxlanılaraq polis bölməsinə aparılıblar.
Bildirilir ki, onlar tutulandan sonra da hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir ediblər.
Qeyd edək ki, H.Maquayr ötən il “Lester”dən “Mançester Yunayted”ə keçib.