Futbol üzrə ABŞ Futbol Liqasında (I divizion) yeni mövsümə start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” də yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda ilk turda doğma meydanda “Portlənd Timbers”in ikinci komandası ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.
Qarşılaşmaya start heyətdə başlayan Rüfət het-triklə yadda qalıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində müstəsna rol oynayıb.
Xatırladaq ki, Rüfət Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Finiks Rayzinq”ə keçib.