“Onun gəlişi “Sabah” üçün böyük təkan olacaq”.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev Rimas Kurtinaytisin “Sabah”ın baş məşqçisi təyin olunması ilə bağlı danışarkən deyib.
Hazırda “NTD İndiqo”nun “sükanı arxasında” olan Baxşıyev litvalı mütəxəssislə əlaqələrinin davam etdiyini söyləyib:
“Bizim münasibətlərimiz həmişə olub. Ötən il Litvada olanda da görüşmüşdük. Kurtinaytis çox təcrübəli baş məşqçidir, böyük titullar əldə edib. Daha əvvəl də ölkəmizdə işləyib və ondan çox şey öyrənmişik. Belə mütəxəssisin yenidən Azərbaycana gəlməsi yaxşı xəbərdir, “Sabah” üçün böyük qazancdır. Yenidən buraya gəldiyi üçün şadam. Birlikdə işləməsək də, bir-birimizə rəqib olduq”.
Baş məşqçi “NTD İndiqo”nun cari mövsümdəki çıxışından da söz açıb:
“Ötən mövsümdə də iddialı idik. Bu ildə də belədir. Komandamız 5 dəfə Azərbaycan çempionu olub. İndi də məqsəd dəyişmir”.
Mütəxəssis bu il Azərbaycan Basketbol Liqasının daha maraqlı olduğunu vurğulayıb:
“Komandaların da sayı artıb. Ötən mövsüm hər kollektivlə 4 dəfə görüşürdük. Bu, bir az çətin olurdu. İndi maraqlı sistem qurulub. Bölgə klublarının sayının artması da basketbolun ölkəmizdə inkişafı baxımından önəmlidir”.
Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan yığmasının və Bakının “Qala” klubunun baş məşqçisi olub. Tahir Baxşıyev təcrübəli mütəxəssisin rəhbərliyi altında çıxış edib.