FIFA20 1-ci Liqası davam edir. Sentyabrın 1-də keçirilən liqanın 29-cu turunda lider Quba klubu növbəti qələbəsini qazanıb.
Qobustanla qarşılaşmada 3:1 hesabı ilə üstün olan Rüfət Niftəliyevin komandası ardıcıl doqquz oyunda uduzmur. Ümumiyyətlə “Quba Tigers” komandasının passivində yalnız bir məğlubiyyət var. Müqayisə üçün qeyd edək ki, bu göstəriciyə görə ikinci pillədə olan Naxçıvan rəqiblərinə dörd dəfə uduzub. Rüfət Niftəliyevin bu cür stabil oyunu onu rəqiblər üçün əlçatmaz edir.
Turun digər qarşılaşmasında Cavid Qurbanovun Naxçıvan komandası ardıcıl olaraq iki oyunda heç-heçə ilə kifayətləndi. Bu dəfə Cavid Süleyman Quluzadənin rəhbərlik etdiyi “Ganja Poets” komandası ilə sülh bağlayıb (1:1).
Bu nəticədən sonra Naxçıvan lider Qubadan bir az da uzaqlaşaraq, artıq Rüfət Niftəliyevin komandasından beş xal geri qalır.
Şəki isə, öz növbəsində, bu turu qələbə ilə bitirib. Ayxan Əliyevin komandası Balaxanı üzərində böyükhesablı qələbə qazanıb (4:1) və ikinci yerdə qərarlaşan Naxçıvandan cəmi üç xal geri qalır.
Qazaxın uğursuzluq seriyası davam edir. Xızıya məğlub olan (2:3) Vahid Əfəndiyevin komandası son üç oyunda ikinci məğlubiyyətini yaşayıb və hazırda liderdən 13 xal geri qalır.
Qarabağ öz oyununu qələbə ilə başa vurub. Tural Həsənovun “atlıları” Azər Əliyev başçılıq etdiyi Qaxdan üstün olub (0:2).
Turun ən qollu qarşılaşması 17-18-ci mövqelərdə qərarlaşan Beyləqan və Zaqatala arasında baş tutub. 4:4 hesabı ilə bitən oyunda Nicat Mustafalı və Fariz Zeynalov qalibi müəyyən edə bilməyib.
Bombardirlər yarışında Ayxan Əliyev liderliyini möhkəmləndirib. Aktivində 73 qol olan Ayxan onu izləyən Tural Həsənovu altı qol qabaqlayır.
Bir-birindən maraqlı oyunları canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək “GLAHUB” “YouTube” kanalında və 16:00-dan 17:00-dək İdman TV-də izləməyə davam edin.
Eyni zamanda FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytından əldə edə bilərsiniz.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və “Topaz”ın birgə təşkilatçılığı, “BirBank”ın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.