Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Oxu.Az-a verilən məlumata görə, tədbirdən öncə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və digər nümayəndələr iştirak ediblər.
Kişilər arasında şahmat üzrə keçiriləcək Azərbaycan çempionatının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda şahmata tarixən hər zaman önəm verilib və hər zaman şahmatçılarımız dünyada öz layiqli yerlərini tutublar.
Azərbaycan çempionatının yenidən Naxçıvanda keçirilməsinin sevindirici və əlamətdar hal olduğunu diqqətə çatdıran Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib ki, bu qərarın verilməsinə səbəb muxtar respublikada mükəmməl şahmat infrastrukturunun olması, yerli mütəxəssislərin, yerli şahmat federasiyasının yüksək təşkilatçılıq səviyyəsinə malik olmasıdır. Mahir Məmmədov bu münasibətlə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə minnətdarlığını bildirib.
Vurğulanıb ki, artıq ikinci ildir ki, bu mötəbər yarışın ünvanı Naxçıvandır. Azərbaycanın dünya şahmatında ənənəvi olaraq aparıcı rol oynaması, ən məşhur şahmat ölkəsi olması təsadüfi deyil. 70-ci illərdə ulu öndər Heydər Əliyevin şahmatın inkişafı üçün respublikanın bütün bölgələrində bu idman növünün inkişafı məqsədilə şahmat məktəblərinin inşası, kütləviliyin təmini və şahmat mütəxəssislərinin hazırlanması istiqamətində verdiyi ardıcıl qərarların nəticəsində mümkün olub. Məhz buna görə də ölkə başçısı İlham Əliyevin imzaladığı 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət proqramının əsas müddəalarının həyata keçirilməsi yönündə muxtar respublika hazırda lider mövqedədir. Xüsusilə, ümumtəhsil məktəblərində şahmatın tədris olunması dünya şahmat tarixində unikal hadisədir. Bunun nəticəsidir ki, hazırda Naxçıvanın öz qrossmeysteri, beynəlxalq ustaları, FİDE ustaları, FİDE və beynəlxalq hakimləri var.
Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti bildirib ki, federasiya çalışır ki, keçirilən ölkə çempionatı yüksək səviyyədə təşkil olunsun, mükafat fondu daha yüksək olsun, əmsalları yüksək olan şahmatçıların çempionatda çıxışı təmin edilsin. Son iki ildə keçirilən onlayn və əyani yarışlarda Azərbaycan şahmatçıları öz ustalıqlarını nümayiş etdirdilər. Mahir Məmmədov ardıcıl olaraq ikinci dəfə Naxçıvanda yeni formatda keçirilən Azərbaycan çempionatında iştirak edən hər bir şahmatçıya uğurlar arzulayıb.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlıq edib, qaydalar haqqında məlumat verib.
Sonra şahmat çempionatının püşkü atılıb.