“Neftçi” PFK üç məşqçi və bir futbolçunu heyətinə qatdığını rəsmi şəkildə açıqlayıb.
Oxu.Az xəbər verir ki, bunadək “Keşlə”də çıxış edən cinah müdafiəçisi İlkin Qırtımovla 1,5 illik, yəni növbəti mövsümün sonunadək müqavilə bağlanıb.
27 yaşlı futbolçu milli komandanın heyətində beş oyun keçirib.

“Neftçi” PFK-nın əvəzedici komandasına isə baş məşqçi təyin olunub. Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən və “Xəzər”ə baş məşqçi gedən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.
1998-2001-ci illərdə “Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 45 yaşlı mütəxəssis “İnter”in əvəzedici və U-19 komandalarında, “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, U-19 millimizdə, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Buna qədər “Neftçi" PFK U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərin baş məşqçi köməkçisi təyin olunub. Niftəliyev 1996-2002-ci illərdə “Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan komandanın futbolçularından olub.

“Neftçi” PFK-da baş məşqçinin köməkçisi vəzifəsinə isə yeni təyinat olub. Bu vəzifəni bunadək “Binə" klubunun baş məşqçisi olmuş Mehman Babayev yerinə yetirəcək.

Bundan başqa, komanda oktyabrda mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağladığı Fransa doğumlu argentinalı futbolçusu Üqo Barqası yola salıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını əvvəl çıxış etdiyi Boliviyanın “Bluminq” klubunda davam etdirəcək.

S.T.
www.oxu.az