"Neftçi" 2025/26 mövsümündə geyinəcəyi yeni üçüncü - alternativ formasını ictimaiyyətə təqdim edib.
Oxu.Az xəbər verir ki, forma həm klubun ənənələrinə olan dərin bağlılığını, həm də yeniliklərə açıq olduğunu nümayiş etdirir.
Ənənəvi qara və ağ rənglərin sintezi ilə "Kappa" tərəfindən eksklüziv olaraq "Neftçi" üçün tikilən bu dəst zamansız klassikanı müasir dizayn elementləri ilə birləşdirərək zolaqlı formaya yeni baxış gətirir.
"Neftçi"nin əfsanəvi oyunçularının geyindiyi klassik üslub bu dəfə yenilənmiş formada təqdim olunub.
Arxa boyun hissəsindəki stilizə edilmiş "1937" nişanı klubun tarixini, ön tərəfdəki diaqonal zolaq isə ötən il yenilənən loqonun parçalarını xatırladır.





2025/26 mövsümünün səfər forması bu ilin payızında qeyd ediləcək şanlı Qarabağ Zəfərinin beş illiyinə həsr olunmuş oyun dəstidir.
Oxu.Az xəbər verir ki, formalar "Kappa" tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib və hazırlanıb.
Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, "Neftçi" loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki "Zəfər bizimdir!" şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir - o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir.
Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.
Qeyd edək ki, "Neftçi" ötən gün ev oyunları üçün nəzərdə tutulan formalarını da təqdim etmişdi.