Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. Çəkisini qaldıraraq ilk dəfə 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərov Almaniya, İsrail, Rusiya, Qazaxıstan və Kuba idmançılarına qalib gələrək finala çıxıb.
Həlledici qarşılaşmada İtaliya təmsilçisi Manuel Lombardoya uduzan Orxan “Böyük Dəbilqə”nin gümüş medalına sahib olub.
Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Əbu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb. 57 kq çəkidə yarışan təmsilçimiz cənubi koreyalı Kim Can Di ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə məğlub olaraq beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Bu gün mübarizə aparanlardan Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq) və Nicat Şıxəlizadə (-66 kq) medal qazanmaq şanslarını itirib.
Sabah “Böyük Dəbilqə” turnirində Rüstəm Orucov (-73 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi - 81 kq) mübarizəyə qoşulacaq. Hidayət ilk dəfə 81 kq-da mübarizə aparacaq.