Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paralimpiya Komitəsindən yarışa buraxılmayan idmançılarla bağlı AÇIQLAMA
Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan paracüdoçuları - Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova və Kənan Abdullaxanlının Türkiyənin Antalya şəhərindəki Qran-priyə buraxılmamaları ilə bağlı iddialara münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, problem sənədlə bağlı olub.
“Paracüdoçularımız bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar. Antalyadakı yarışdan əvvəl adı çəkilən idmançılarımıza ilkin tibbi təsnifat zamanı “CNC” (Classification not confirmed, yəni, təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və onların növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub. Paracüdoçularımız üçün “NE” (non eligible, yəni, uyğun gəlməyən) statusu müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub. Tələb olunan sənəd Bakıda hazırlanaraq yenidən sistemə yüklənəcək.
Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb.
“Tokio-2020” Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.
Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb. Paracüdoçularımız “Paris-2024” Yay Paralimpiya Oyunlarına hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.
Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Sözügedən idmançılar bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar”, - açıqlamada bildirilib.