Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.
Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Fransa polisi 127 nəfəri saxlayıb, onlardan 107-si paytaxt Parisdə tutulub.
PSJ yarımfinalın cavab oyununda səfərdə "Bavariya" ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə görə (6:5) Paris təmsilçisi finala yüksəlib. Oyun bitdikdən sonra azarkeşlər "Parc des Princes" stadionu ətrafında toplaşaraq komandanın uğurunu qeyd ediblər.
Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Loran Nunez isə hadisələrə münasibət bildirib:
"Bu cür iğtişaşları qınayıram. Təəssüf ki, bu, PSJ-nin qələbə gecələrində artıq adi hal alır. 11 yaralı qeydə alınıb, onlardan biri pirotexniki vasitənin istifadəsi nəticəsində ağır xəsarət alıb. Polis əməkdaşlarından isə 23-ü yüngül xəsarət alıb."
Qeyd edək ki, PSJ finalda Londonun "Arsenal" klubu ilə qarşılaşacaq. Matç 30 mayda Macarıstanın paytaxtı Budapeştdə, "Puskas Arena" stadionunda keçiriləcək.