“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən çempionatın sayca VII turu oynanılıb.
Turnirin altıncı günündə 32 komanda arasında 16 “məhv edilən” və 46 xalla “UÇAN QUŞLAR” cütlüyü birinci sırada məskunlaşıb. “13thBrigade OA” komandası isə 14 “məhv edilən” və 44 xalla ikinciliyə yüksəlib. Oyun ərzində “13thBrigade OA” komandasının idmançısı “brgALKAMAR” ləqəbli Musa Fərzəliyev ikinci xəritədə 7 “məhv edilən” alaraq birinci olub.
Dünən oynanılan turnirin yeddinci günü isə nəticələr bir qədər fərqli olub. 30 “məhv edilən” və 78 xalla “BEST OF” komandası oyunun ən yaxşısı olaraq birinciliyi əldə edib. “Clay” cütlüyü isə 14 “məhv edilən” və 52 xalla ikinci olub.
Birincilik uğrunda mübarizə ümumilikdə 512 komandadan 1024 iştirakçının qatılımı ilə baş tutur. Komandalar 16 qrupa bölünüb və bu komandalar öz qruplarında üç müxtəlif xəritədə güclərini sınayırlar.
“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda yarışda hər qrupda ilk iki yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə, ilk beş yeri tutan komandaların üzvlərinə MyShops.az tərəfindən 10 ədəd müxtəlif markalı telefonlar hədiyyə ediləcək.
“Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və MyShops.az onlayn alış-veriş saytıdır.
2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq XIX Asiya Oyunlarına daxil edilib. Azərbaycanda isə ötən il yaranmış, kiber idman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.
“PUBG Mobile” həvəskarlarını bu turniri yaxından izləməyi tövsiyə edirik. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.