"Bu oyun həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın müdafiəçisi Kevin Medina İspaniyada "Atletik Bilbao" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, oyunöncəsi hazırlıq yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə "Atletik" komandasınadır:
"Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq".
Medina həmçinin ötən mövsümdəki çıxışından nəticə çıxardığını və bu mövsüm daha yaxşı formada olduğunu vurğulayıb:
"Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda özümü əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam".
Murad Nəsimi