Avropa kuboklarının qrup mərhələsinə düşmək, yalnız prestij deyil, eləcə də böyük maddi dayaqdır.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının qrup turnirinə çıxış üçün “Qarabağ” və “Qəbələ” hər biri 2,4 milyon avro qazanıblar.
Bununla yanaşı, “Qarabağ” həmçinin Çempionlar Liqasında 3-cü təsnifat turunda iştirak üçün 400 min və öz ölkəsinin Çempionlar Liqasının qrup turnirinə düşməyən çempionu kimi 250 min alacaq.
Beləliklə, bu mövsümdə “Qarabağ”ın gəliri hal-hazırda 3,05 milyon avro, “Qəbələ”nin gəliri isə 2,4 milyon avrodan ibarətdir.
3-cü turdan oyundan çıxan “İnter” 220 min, 1-ci raundda məğlub olan “Neftçi” isə 200 min alacaq.
Qrup mərhələsində hər qələbə üçün klublarımız 360 min, hər heç-heçə üçün isə 120 min qazana bilərlər.
1/16 finala 1-ci yerdən çıxış 500 min, 2-ci yerdən çıxış isə 250 min məbləğində dəyərləndirilir.
1/16 finalda iştirak 500 min, 1/8 finala çıxış 750 min, dörddə bir finala çıxış 1 milyon, yarımfinala çıxış daha 1,5 milyon, finala çıxış isə 3,5 milyon, həlledici matçda qələbə isə 3 milyon gətirə bilər.
F.H.
www.oxu.az