“Qəbələ”də növbəti ayrılıq reallaşıb.
Əyalət təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, Rövlan Muradov komandanı tərk edib. Tərəflər müddəti başa çatan müqaviləni yeniləməyiblər.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub.
Daha əvvəl Felipe Santos, Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayev də “qırmızı-qaralar”ın sıralarını tərk ediblər.
12:08
Felipe Santos “Qəbələ”dən ayrılıb.
Braziliyalı futbolçu əyalət təmsilçisi ilə müddəti başa çatan müqaviləni yeniləməyib. O, sosial şəbəkə hesabında paylaşım edərək “qırmızı-qaralar”la vidalaşıb:
“Azərbaycan macəram başa çatdı. İki mövsümü inanılmaz insanlarla keçirmək gözəl idi. Ötən mövsümü 13 qol, 20 məhsuldar ötürmə ilə yekunlaşdırdım, ölkə kubokunun qızıl medalını qazandım. “Qəbələ”yə və mənə ilk qucaq açan “Şamaxı”ya təşəkkür edirəm”, - 26 yaşlı vinger yazıb.
F.Santos 2021-ci ildə Sloveniya “Maribor”undan “Keşlə”yə (indiki “Şamaxı”) keçib. O, keçən ilin yayında “Qəbələ”yə üz tutub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Felipe Santos karyerasını İsraildə davam etdirəcək. O, Hayfanın “Hapoel” klubu ilə müqavilə imzalayıb.
Faiq Tahirov