“Azərbaycanda yaxşı futbolçular var. Bu ölkənin futbol sahəsində böyük inkişaf gedir. Bizim layihəmiz də bu məsələyə kömək ola bilər”.
Oxu.Az xəbər verir ki, bunu ASTA Futbol Akademiyası (Azerbaijan Sport Talents Academy) ilə İspaniyanın “Marset” Futbol Akademiyasının əməkdaşlığına həsr olunmuş mətbuat konfransında “Marset”in direktoru Rivero Karlos Arias deyib.
O, akademiyanın gördüyü işlər barədə məlumat verib:
“Akademiyamız Şimali Koreyada seçimlər aparmış, bir il ərzində 20 nəfəri İspaniyaya aparmışdı. Onlardan 3-ü sonradan Şimali Koreya millisinə qoşulmuşdu. Onlardan biri Han-Kvan Son isə “Yuventus” klubuna transfer olunmuşdu. Biz akademiyada hər bir idmançı ilə fərdi təlimlər keçirik. Futbolda ən vacibi nəticədir. 14-16 yaşlı uşaqlar arasında oyunlar keçirilir, dincəlməyə çox vaxtları olmur. Hər birinə individual dərslər keçirik, istirahət etmək imkanı da yaradırıq. Akademiyada əsasən texnoloji resurslardan istifadə edirik. Məşqçilər bu resurslarla təmin olunurlar. Akademiyada 24 ölkənin nümayəndəsi çalışır. Futbol dilində danışdığımız üçün heç bir problem yaşamırıq. Yetişdirdiyimiz idmançılar daha sonra müxtəlif klublarla müqavilələr bağlayırlar və orada daha da irəli gedirlər. Akademiyamızı bitirənlər bu gün dünyanın məşhur klublarında çıxış edirlər. Məsələn, “River Pleyt”, “Atletiko” kimi komandalarda yetirmələrimiz var”.
Mütəxəssis bu il seçiləcək azərbaycanlı yeniyetmələr barədə müəyyən müddət keçdikdən sonra fikir bildirəcəklərini deyib:
“Bakıda olmağımızın böyük əhəmiyyəti var. İspaniyanın məşhur “Marca” qəzetində bura gəlməyimizlə bağlı məqalə dərc olunmuşdu. Çünki Azərbaycana nadir hallarda İspaniyadan məşqçi gəlir. Burada seçilən uşaqlar barədə indidən nəsə deyə bilmərik. Konkret fikir bildirmək üçün 1-2 il vaxt keçməlidir. Biz təkcə futbolçu yox, yüksək təhsilli vətəndaş yetişdirməyə çalışırıq”.
R.Karlos Arias Azərbaycan futbolunun ildən-ilə inkişaf etdiyini düşünür:
“Hamı düşünür ki, Braziliyadan, Afrikadan çıxan oyunçular daha yaxşı olurlar. Amma biz göstərmək istəyirik ki, başqa ölkələrdən də güclü futbolçular yetişdirmək mümkündür. Azərbaycan futbolçuları texniki cəhətdən hazırlıqlı olurlar. İstənilən şəxs rəqabət görməyəndə tənbəlləşir. Biz akademiyada rəqabət mühiti formalaşdırır, uşaqlardan çox şey tələb edirik. Onların intizamı və öz üzərlərində çalışmaları bizim üçün vacibdir. Hansısa oyunçuda bunları görə bilməsək, ASTA ilə əlaqə saxlayacağıq və onu başqası ilə dəyişdirməyə çalışacağıq”.
Faiq Tahirov