"Neftçi"nin baş məşqçisi Roman Qriqorçukun Türkiyədə təlim-məşq toplanışında olan klub əməkdaşlarına qadağa tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb. Yerli mediada yayılan xəbərlərə görə, baş məşqçi komandanın gündəlik məşq prosesinin bu şəxslər tərəfindən kənardan izlənməsinə icazə vermir. Həmçinin texniki işçilərin həmin müddətdə telefondan istifadəsinə "olmaz" deyib. Qriqorçuk xəbərdarlıq edib ki, kim bu qadağalara məhəl qoymasa, onu böyük miqdarda cərimə gözləyir. Qriqorçuk bundan başqa oyunların yayımlanmasına da qadağa qoyubmuş.
Həmin bu məsələlərlə bağlı "Neftçi" klubunun Mətbuat Xidmətinə sorğu ünvanladıq.
Bu barədə Oxu.Az-a açıqlama verən klubun Mətbuat Xidmətinin Rəhbəri Rüstəm Əfsərli isə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:
"Təlim məşq toplanışına gedən şəxslər yalnız klubun əməkdaşlarıdır. Digərləri isə media işçiləridir ki, bunların biri operator, digəri isə fotoqrafdır. Hər ikisi baş məşqçi üçün oyunları çəkirlər və həmin görüntüləri daha sonra paylaşırıq. Telefon məsələsində qadağa yoxdur. Çünki biz əməkdaşlarımızla əlaqə saxlayırıq və onlar bütün günlərini baş məşqçi və futbolçularla birlikdə keçirirlər. Bu xəbər həqiqətə uyğun deyil".
Anar Həsənov
Rəylər