Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus təmsilçiləri ilə bağlı qərarını verib.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin milli komandası 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirak edə biləcək.
Ancaq bu yığmalar paralimpiya bayrağı altında mübarizə aparacaq. Bu iki ölkənin nəticələri medal sıralaması zamanı nəzərə alınmayacaq.
IPC-nin Növbədənkənar Baş Assambleyasında Rusiya və Belarus Paralimpiya Komitələrinin üzvlüyünün dayandırılması və ya ləğvi məsələsi səsverməyə qoyulacaq. Həmçinin, Rusiya və Belarusda heç bir paralimpiya yarışı keçirilməyəcək.
Qeyd edək ki, Ukraynanın məşhur idmançıları IPC də daxil olmaqla, Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq idman federasiyalarının prezidentlərinə videomüraciət ünvanlayaraq Rusiya və Belarus idmançılarının Qış Paralimpiya Oyunlarına buraxılmamasını tələb edirdi.
Səbuhi Musa