Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə velosiped yığmamızın baş məşqçisi Əbülfəz Məmmədova “Əməkdar məşqçi”, ölkəmizi Tokio Olimpiadasında təmsil edəcək millimizin üzvü Elçin Əsədova isə “Əməkdar idman ustası” fəxri adı verilib.
Oxu.Az xəbər verir ki, buna bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün yekun toplantısında aydınlıq gəlib.
Tədbirdə 2019-cu ilin Azərbaycan velosiped idmanı üçün uğurlu keçdiyi, şosse velosipedi üzrə yığmamızın üzvü Elçin Əsədovun Tokio Olimpiadasında iştirak edəcəyi bildirilib.
Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov Elçin Əsədovla bağlı yazılmış bir yazını xatırlayıb: “Onun barədə belə başlıqlı yazı vardı – “Əvvəl təkər qaraldırdı, indi isə Olimpiadaya gedir”. Elçin göstərdi ki, hər şeyə nail olmaq olar”.
S.Ələkbərov federasiyanın maliyyə məsələlərinə və prezident postu ilə bağlı məsələyə aydınlıq gətirib:
“Maliyyə problemləri hər yerdə var. Açıq danışaq, maliyyə çox olanda pul çox xərclənir, az olanda az. Gördüyünüz kimi, büdcəmiz o qədər yüksək olmasa da, Elçin Əsədov kimi özümüzün dünya səviyyəli velosipedçimizi ortaya çıxara bilmişik. Federasiyanın prezident məsələsi mənə aid sual deyil. Üç ildir ki, federasiya prezidentsiz fəaliyyət göstərir. Bu zaman kəsiyində biz prezidentsiz də işləyə bildiyimizi isbat etmişik. Yəqin ki, bu məsələyə də gələn il aydınlıq gətirilər”.
Daha sonra Sahib Ələkbərov ilboyu fərqlənən məşqçi və velosipedçiləri diplomla mükafatlandırıb.
Səbuhi MUSAYEV