“Mehman Xəlilovun azyaşlı tələbəsi ilə görüntülərinə baxanda həqiqətən çox pis oldum. İnsanla belə rəftar etmək olmaz. Özü də bildiyimə görə, qohum olublar”.
Bunu Prosport.az saytına açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, Mehman Xəlilovun bu görüntüləri onları təəccübləndirib:
“Mehman Xəlilov üçqat Avropa mükafatçısı, II Avropa Oyunlarının bürünc medalçısıdır. Hər zaman komandanın lideri kimi öz ədəb-əxlaqı ilə seçilib. Həmişə məşqçi heyətinə qarşı sayğılı olub. Heç zaman ondan belə hərəkət gözləməzdim. Videonu görəndən sonra onun bu cür insanlığa sığmayan hərəkət etməsinə inana bilmədim”.
C.Məmmədovun sözlərinə görə, bu məsələdə Azərbaycan Sambo Federasiyasının adının hallanması yanlışdır:
“Hadisə milli komandanın məşqi zamanı baş verməyib. Biz idmançılarımızın hərəkətlərinə onlar milli komandada olarkən cavabdehlik daşıyırıq. İndiki halda isə bu məsələ bizə aid deyil. Onun məşqçilik etməsinə gəlincə, biz ona heç bir məşqçilik lisenziyası verməmişik. O, Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur, müəllimliyi bitirib”.
Federasiya prezidenti onu da bildirib ki, bu hadisədən sonra onun milli komandada çıxış etməsi mümkün deyil:
“Əvvəla, onun bu məsələdən sonra azadlıqda olması sual altındadır. İkincisi, artıq onun azyaşlıya dair görüntüsü var. Belə zorakı hərəkətdən sonra Mehman Xəlilov adlı idmançının milli komandada yer alması mümkün deyil. Heç bir halda onun bağışlanmasından söhbət gedə bilməz”.
Ceyhun Məmmədov bu gün gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə bu məsələni müzakirə etdiyini də sözlərinə əlavə edib.