AMADA-nın direktoru Şəfəq Hüseynli qurumun 5 illik fəaliyyətini əks etdirən bir sıra statistik rəqəmləri açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, son 5 ildə AMADA tərəfindən 6 260 dopinq testi həyata keçirilib.
Bunlardan 5 400-ü milli test proqramı, 860-ı isə beynəlxalq sifarişlər əsasında olub.
AMADA-nın fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 76 antidopinq qayda pozuntusu üzrə qərar qəbul edilib və müvafiq sanksiya tətbiq edilib. Bununla yanaşı, 9 idmançının işi üzrə xitam, yəni bəraət qərarı verilib.
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularının götürülən testlərin nisbəti 4,5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə 0,5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0,2 faiz təşkil edib.
AMADA-dan əvvəl 2013-2016-cı illər ərzində beynəlxalq səviyyədə 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa, son 5 ildə bu rəqəm 21-ə bərabər olub. Son 3 ildə isə ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi 2 antidopinq qayda pozuntusu aşkarlanıb.
Ş.Hüseynli cari ildə görülən işlərdən də danışıb və bir sıra statistik rəqəmləri açıqlayıb:
“2021-ci il ərzində idmançılardan ümumilikdə 1 588 test nümunəsi götürülüb. Bunlardan 1 456-sı milli test proqramı çərçivəsində, 132-si isə beynəlxalq sifariş əsasında olub”.
Səbuhi Musayev