Şahmat üzrə FIDE Qran-prisinin 28 fevral – 14 mart tarixlərində keçiriləcək ikinci mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçiriləcək mərhələdə 16 şahmatçı mübarizə aparacaq.
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov (2767) bu yarışda Niderland təmsilçisi Aniş Qiridən (2772) sonra ikinci yüksək reytinq sahibidir. Şəhriyar D qrupunda Maksim Vaşye-Laqrav (Fransa), Yu Yanqyi (Çin) və Aleksandr Predke (Rusiya) ilə mübarizə aparacaq.
Qeyd edək ki, FIDE Qran-prisi 3 mərhələdən ibarətdir. İlk mərhələ Almaniyanın paytaxtı Berlində keçirilir (4-17 fevral). Üçüncü mərhələ də Berlində baş tutacaq (21 mart – 4 aprel). İlk yarışı buraxan Məmmədyarov üçüncü mərhələdə də mübarizə aparacaq.
Bu mərhələlərin yekununda turnir cədvəlinin ilk iki şahmatçısı Teymur Rəcəbovun da mübarizə aparacağı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Şəhriyar Məmmədyarovun iştirak etmədiyi ilk mərhələnin nəticəsinə görə, hazırda ilk iki sıranı ABŞ təmsilçiləri – Levon Aronyanla Hikaru Nakamura tutur.
Xatırladaq ki, hər mərhələnin mükafat fondu 150 min avrodur. Hər mərhələnin qalibi 24 min avro, finalçı 18 min avro qazanır.

Səbuhi Musa