Səudiyyə Ərəbistanında "Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldunun axtarışda olan şəxslərin elanlardakı şəkillərinə bənzəyən parodiya posterləri peyda olub.
Oxu.Az bildirir ki, bu barədə "The Touchline" məlumat yayıb.

"Xahiş edirik, əgər Kriştianunu görmüsünüzsə, bizə xəbər verin. O, evdən çıxıb və geri qayıtmayıb. Harada olduğunu bilirsinizsə, zəhmət olmasa, 7777-222-43-41 nömrəsi ilə əlaqə saxlayın", - posterlərin üzərindəki mətndə deyilir:
Bu etiraz Ronaldunun boykotuna azarkeşlərin reaksiyası idi. "Ən-Nəsr"in məşhur hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Ər-Riyad"la oyunda (1-0) heyətə qatılmayıb. Mediada yayılan məlumatlara görə, futbolçu bu addımı ilə Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunan klubun siyasətinə qarşı etiraz edib.
Fevralın 3-də "Record" 40 yaşlı oyunçunun "Ən-Nəsr"də özünü bədbəxt hiss etdiyini və yayda klubdan ayrıla biləcəyini yazıb.
Ronaldu 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının komandasında oynayır və bütün yarışlarda (127 oyun) iştirak edib, 111 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.