2015-ci ildə Omsk şəhərində kazarma uçması nəticəsində hər iki ayağını itirən ufalı bloqer Rüstəm Nəbiyev mayın 20-də Nepalda yerləşən və dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsini fəth edib. O, tarixdə bu cür mürəkkəb marşrutu yalnız əlləri üzərində qət edən ilk şəxs kimi qeydə alınıb. Bu ağır yürüş düz bir həftə davam edib.
Oxu.Az xəbər verir ki, əfsanəvi "səkkizminlik" zirvəyə çatması barədə Nəbiyev özü sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"20 may, Nepal vaxtı ilə səhər saat 8:16-da mən, Rüstəm Nəbiyev alpinizm tarixində ilk dəfə olaraq yalnız əllərimlə Everest zirvəsinə çıxdım! Bu yüksəlişi hazırda məni izləyən hər kəsə həsr edirəm. Bu addımımla, sadəcə, bir şeyi çatdırmaq istəyirəm: nə qədər ki canınızda həyat var, mübarizə aparın. Zəhmət olmasa, sona qədər savaşın. Bu, hər şeyə dəyər!" - deyə bloqer paylaşımında yazıb.
Rüstəm Nəbiyev aprelin 7-də Rusiyadan Nepala yola düşüb. O, ailəsini hüquqi cəhətdən sığortalamaq məqsədilə səfərdən əvvəl vəsiyyətnamə hazırlayıb və Ufada inşa edilən evinin bütün ödənişlərini bağlayıb. Çünki Everest kimi təhlükəli bir dağa çıxmaq özlüyündə olduqca böyük risk daşıyır.
"Bu o demək deyil ki, mən ölümə gedirəm. Sadəcə olaraq, bu, mənə daxili rahatlıq verəcək bir növ ehtiyat tədbiridir", - deyə Rüstəm Nəbiyev sosial şəbəkə səhifəsində qeyd edib.
Bütün aprel ayını və mayın ilk yarısını Rüstəm Nepalda lazımi hazırlıq və iqlimə uyğunlaşma proseslərinə sərf edib. Everestin fəthinə isə məhz 34-cü doğum günündə - mayın 13-də başlayıb. Bloqerin qarşısında 8 848 metrlik çətin yol və dörd baza düşərgəsi var idi. Yürüş zamanı Nəbiyevi beş şerpa və özünün üç şəxsi bələdçisi müşayiət edib.
Xatırladaq ki, 2015-ci ildə hərbi xidmətdə olarkən Rüstəm Nəbiyev Omskda ordu kazarmasının çökməsi nəticəsində ağır xəsarət alıb. Hər iki ayağını itirən və uzun müddət xəstəxanada müalicə alan Rüstəm sonda təslim olmayaraq yaşamaq üçün özündə güc tapıb. Evə döndükdən sonra o, hələ ordudan əvvəl tanıdığı İndira ilə ailə qurub və hazırda cütlük üç övlad böyüdür. Nəbiyev milyonlarla izləyicisi olan şəxsi motivasiya bloqu yaradıb, idmanla, eləcə də alpinizmlə fəal məşğul olmağa başlayıb.