Şahmat üzrə İddiaçılar Turnirində Teymur Rəcəbovun daha iki rəqibi bilinib.
Oxu.Az xəbər verir ki, bunlar rusiyalı şahmatçılardır.
Onlardan birinə Qüds şəhərində keçirilən ilin son böyük yarışı olan FIDE Qran-Prisi başa çatdıqdan sonra aydınlıq gəlib. Bu yarışın finalında rusiyalı Yan Nepomnyaşi ilə çinli Vey İ qarşılaşıb. Rusiyalı şahmatçı 1,5:0,5 hesabı ilə qalib gələrək builki Qran-Prinin sonuncu – dördüncü mərhələsinin qalibi olub.
Bununla da Yan Nepomnyaşi həm 98 min avroya sahib çıxıb, həm də Şəhriyar Məmmədyarovla fransalı Maksim Vaşye-Laqravı qabaqlayaraq, 19 xalla 2019-cu il Qran-Prisinin ikincisi olub. Bununla da Nepomnyaşi 20 xal toplamış həmyerlisi Aleksandr Qrişukun ardından İddiaçılar Turnirində Teymur Rəcəbova rəqib olub.

Bundan başqa, təşkilatçılar tərəfindən bu il Batumidə Rusiya millisi ilə Avropa çempionu olmuş 22 yaşlı Kiril Alekseyenkoya “vayld kard” verilib. Ona “vayld kard” ilin üç təsnifat turnirindən (digər ikisi Dünya Kuboku və Qran-Pridir – S.M.) biri sayılan “Grand Swiss”də bürünc medal qazanmasına görə təqdim olunub. Düzdür, bu hələ rəsmi şəkildə açıqlanmayıb. Çünki Maksim Vaşye-Laqrav Dünya Kuboku və Qran-Pridə bürünc medal qazanmaqla, daha yaxşı nəticə göstərib. Lakin təşkilatçı ölkə Rusiya olduğundan, yarışda icazə Alekseyenkoya verilib.
Beləliklə, 15 mart – 5 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində aşağıdakı səkkiz şahmatçı mübarizə aparacaq: Fabiano Karuana (ABŞ), Teymur Rəcəbov (Azərbaycan), Dinq Liren, Vanq Hao (hər ikisi Çin), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kiril Alekseyenko (hər üçü Rusiya), Aniş Qiri (Niderland).
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda dünya çempionu norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanır. Bundan öncəki turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edib. Turnirin qalibi isə Fabiano Karuana olub.
Səbuhi Musayev