Avqustun 11-də Tiflisdə keçiriləcək “Barselona”-“Sevilya” qarşılaşmasını stadionda canlı izləmək istəyənlərin sayı o qədər çox olub ki, biletləri onlayn satmaq cəhdi iki dəfə puça çıxıb. Biletlərin sayı məhduddur - 24 min. Amma oyuna canlı baxmaq üçün onlayn növbəyə duranlar 150 min nəfər olub. Bu da bilet satışı ilə məşğul olan saytda texniki problemlərə yol açıb.
Oxu.Az virtualaz.org-a istinadən bildirir ki, azarkeşlər bilet alışı ilə bağlı problemi yoluna qoymaq üçün Gürcüstanın Futbol Federasiyası qarşısında aksiya keçiriblər.
Federasiya iyunun 30-da UEFA-nın superkubok oyunlarına biletləri kassalarda satmağa qərar verib.
“Gürcüstan tarixə UEFA-nın superkubokuna onlayn bilet sata bilməyən ölkə kimi düşəcək” - Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava belə deyib.
Federasiya rəhbəri deyir ki, bilet çapına bir neçə gün lazımdır. Bundan sonra isə oyuna kassadan bilet almaq istəyənlərin canlı növbəsi yaranacaq.
Qeyd edək ki, Azərbaycandan, xüsusən də şimal, qərb bölgələrindən Tiflisə oyuna baxmağa getməyə çalışanlar çoxdur.
Superkubok qarşılaşması Tiflisdə avqustun 11-də keçirilməlidir. Bu zaman UEFA Çempionlar Liqasının qalibi “Barselona” və Avropa Liqasının qalibi “Sevilya” qarşılaşmalıdır.
Tiflisdəki stadion 54 minlikdir. Bunun 30 mini Gürcüstandakı futbolsevərlər, qalan 24 mini isə UEFA rəsmiləri, “Barselona” və “Sevilya” azarkeşləri üçün nəzərdə tutulub.