Əlcəzairli boksçu İman Xəlif Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan sonra yenidən rinqə çıxmağa hazırlaşır. Müxtəlif mübahisələrin və transgender olması barədə iddiaların mərkəzində olan idmançı dekabrın 15-də Parisdə döyüşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə idmançının sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
27 yaşlı boksçunun rəqibi Niderland təmsilçisi, 21 yaşlı Klarida Sarabiya olacaq. "Sonuncu dəfə rinqə çıxmağımdan iki ildən çox vaxt keçib. Rinq üçün həqiqətən darıxmışam", - deyə Xəlif bildirib.
Qeyd edək ki, İman Xəlif 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
O, 2023-cü ildə Hindistanda keçirilən dünya çempionatında Beynəlxalq Boks Assosiasiyasının (IBA) qadınlar arasında yarışmaq üçün müəyyən etdiyi uyğunluq meyarlarına cavab vermədiyi əsas gətirilərək mübarizədən kənarlaşdırılmışdı. Bu qərar idmançının cinsi ilə bağlı geniş müzakirələrə səbəb olmuş, onun transgender olması barədə iddialar yayılmışdı.
Bununla belə, Xəlifin transgender olduğu təsdiqlənməyib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) IBA-nın testlərinin etibarlılığını və qərarın verilmə prosedurunu sual altına alaraq idmançının Paris-2024-də iştirakına icazə vermişdi.