İyunun 3 və 4-də əfsanəvi idmançı, kitesurfer Ruben Lenten Azərbaycanda səfərdə olub. Xərçəng xəstəliyinə qalib gələn Lenten öz həyat hekayəsi və istedadı ilə bu günə qədər hər kəsi təəccübləndirməyə davam edir. Bu səbəbdən bir qrup jurnalist Ruben Lentenlə görüşmək üçün Xızı rayonunda yerləşən Şuraabad Kaytsörfing Mərkəzinə yollanıb.

Qeyd edək ki, Azərbaycanda bu idman növünün həvəskarları olsa da, onun haqqında çox adam bilmir. Belə ki, kaytserfinq (kitesurfing) - idmançının lövhə (surfboard) üzərində böyük çərpələngi (kite) dartma təsiri altında suyun üzərində hərəkət etdiyi idman növüdür.
Bu yaxınlarda Aralıq dənizindən Atlantik okeana “hoppanan” Hollandiya əsilli idmançı bildirib ki, 12 yaşından kaytserfinqlə məşğul olmaya başlayıb: “Azərbaycan odlar diyarı və küləklər ölkəsi kimi tanınır. Od və külək mənəm. O səbəbdən mən burada özümü doğma evimdəki kimi hiss edirəm. Azərbaycanda güclü külək çox zaman olur, üstəlik, sizin dəniziniz var, bu, kaytserfinqlə məşğul olmaq üçün ideal şərait yaradır.
Mən sahilyanı bir şəhərdə böyümüşəm (Nordveyk - red.). Uşaq yaşlarımdan kaytserfinqə vurulmuşam, o vaxtdan bu yolu seçmişəm. Mən uçmaq istəyirdim, kaytserfinqlə məşğul olandan sonra küləyi sevməyə başladım”.
R.Lenten bildirib ki, kaytserfinq təxminən 20 il öncə Havay adalarında yaranıb: “Bu idman bir qədər təhlükəli ola bilər, çünki sən təbiətlə mübarizə aparırsan. Lakin mənim fikrimcə, at çapmaq bundan daha təhlükəlidir. Lakin kaytserfinq mənim həyatımdır. Mən sanki nağıllar aləmində yaşayıram. Hər bir insan öz individuallığını göstərmək üçün müəyyən addımlar atır. Bu, mənim emosiyalarımı və enerjimi əks etdirir”.
Əfsanəvi idmançı qeyd edib ki, 15 yaşından etibarən beynəlxalq yarışlarda iştirak edib, növbəti ildə isə bu idman növü üzrə dünya ikincisi olub: “Növbəti illərdə mən daha böyük nailiyyətlər qazandım. 2005-ci ildə isə “Red Bull King of the Air”in qalibi oldum”.
Ruben bildirib ki, 2015-ci ildə onda xərçəng xəstəliyi aşkarlanıb. Lakin bu, R.Lentenin öz sevimli idmanı ilə məşğul olmasına maneə olmayıb. O, qərar verib ki, xəstəliyi məğlub etməlidir:
“Yoldaşımla “Burning man” festivalına yollanırdıq. Özümü pis hiss etməyə başladım, bir az yeriyən kimi təngnəfəs olurdum. Növbəti günlərdə həkimin yanına getdim. Onlar mənə limfoma (insanın limfa sisteminin xərçəngi) diaqnozu qoydular. Buna inana bilmirdim, ancaq qışqırırdım. Fikirləşdim ki, həyatımın sonudur. Lakin insanlar bunu eşidəndə mənə dəstək olmağa başladılar. Anladım ki, mübarizə aparmalıyam və qalib gəlməliyəm. Xərçəngdən sonra həyatı daha çox sevməyə başladım. Bu tipli xəstəlikdən əziyyət çəkən insanlara demək istəyirəm ki, öz həyatınız üçün mübarizə aparın, təslim olmayın və daha çox gülümsəyin”.
29 yaşlı idmançının sözlərinə görə, onun əvvəllər də Azərbaycan haqqında məlumatı olub: “Azərbaycanda bir çox yerlərdə oldum, yerli əhali ilə görüşdüm və buraya heyran oldum”.
R.Lenten səfər zamanı yerli idmançılarla da görüşüb: “Görüş zamanı mənə məlum oldu ki, Azərbaycanda ilk kaytserfer 16 il bundan öncə peyda olub. Bildiyimə görə, bu idman növü Azərbaycanda o qədər populyar deyil. Lakin bu, belə olmamalıdır. Azərbaycan küləklər ölkəsidir, belə bir şəraitlə siz ancaq uçmalısınız. Kaytsefinq hər kəs üçündür. Uşaqdan böyüyə qədər”.
Elvin Əhmədov
www.oxu.az