UEFA Avropa Liqasında çıxış edən təmsilçimiz "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib. Məlum olub ki, komandamız güclü rəqiblərlə qarşılaşacaq.
Bəs görəsən, təmsilçimizin növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
İdman jurnalisti Kənan Məstəliyev bildirib ki, "Qarabağ" favoritlər sırasındadır:
"Qarabağ"ın Liqa mərhələsindəki rəqibləri haqqında çox şey danışmaq olar. Ümumilikdə rəqiblərimizi nisbətən çətin adlandırmaq olar, amma "Qarabağ" da favoritlər sırasındadır. Mənim fikrimcə, komandamız Liqa mərhələsində 12-14 xal toplaya bilər. Ən azından ilk 24 komanda arasında olacağın şübhəm yoxdur. Heyət sabitliyi var və Kaşukun transferi rəsmiləşəndən sonra heyət dərinlikdə olacaq. Komandamızın hücum və yarımmüdafiə xəttində problem yoxdur. Əsas zəif nöqtəmiz müdafiə xəttidir. Bu mövqeyə futbolçu transfer olunmazsa, arxa xətdə problemlər çox olacaq.
"Qarabağ"ın növbəti mərhələyə yüksəlməsinə şübhəm yoxdur, amma ilk səkkizliyə düşməsi inandırıcı deyil. Rəqiblərimiz əvvəlki kimi əzəmətli və formaya yaxın deyillər. Məhz elə bu səbəbdən də UEFA Çempionlar Liqasında yox, Avropa Liqasında mübarizə aparırlar. Düzdür, köklü klublardır, hətta "Olimpiakos" ötən mövsümün UEFA Konfrans Liqasında çempion olub.
Aleksey Kaşukun "Qarabağ"a keçidi isə bu yay transfer dövrünün ən böyük transferidir. İstənilən məşqçi belə oyunçunu sərəncamında görmək istəyər. Kaşuk səviyyəsini sübut etmiş, yerli çempionatı tanıyan, çox yaxşı oyunçudur. Bəli, formada deyil, biz gördüyümüz, yadımızda qalan Kaşuk hələ formadan uzaqdır, amma uyğunlaşma dövrünü tez keçəcəyini düşünürəm. Addaidən sonra Kaşukun transferi cinahlardakı həm yerdəyişmə, həm də nəsildəyişməni tamamladı. Bu iki nəfər Leandro Andrade (onun qarşıdakı günlərdə "Srvena Zvezda"ya transferi gündəmdədir) və Abdullah Zubirin komandadan qışda, yaxud gələn yay mümkün gedişinin itkisiz baş verməsini təmin edəcək. Xüsusilə kapitanın əvvəlki olmadığı, köhnə günlərinin kölgəsində qalaraq özünü ara-sıra xatırlatdığı dönəmdə bu keçidlər həm də yaxşı bir ehtiyat qüvvə formalaşdırdı".
Digər idman jurnalisti Anar Xanlarov hesab edir ki, "Qarabağ"a növbəti mərhələyə yüksəlmək üçün daha güclü heyət lazımdır:
"Qarabağ"ın rəqibləri hamısı güclü komandalardır. Təbii, "Tottenhem", "Lion", "Ayaks" kimi komandalara qarşı oynamaq çox çətin olacaq. "Elfsborq" da bu mövsümü çox yaxşı keçirir. Digər rəqiblərlə oyunlar da çətin keçəcək. Üstəlik, təqvimi də bizim üçün uğurlu saymazdım. Səfərdə "Tottenhem"ə qarşı oyunla turnirə start verəcəyik, Amma düşünürəm ki, "Olimpiakos", "Elfsborq", "Bodo Qlimt", FCSB kimi komandaları məğlub etmək olar.
Təbii ki, bu cür çətin qrupda bu cür rəqiblərə qarşı oynamaq üçün "Qarabağ"a daha güclü heyət lazımdır. Bu mənada Kaşukun transferi tam yerinə düşdü. Çox faydalı, yerində olan transferdir. Çox güclü, potensialı yüksək futbolçudur, Ukrayna millisinin heyətində gənclər arasında dünya çempionu olub. Hələlik ancaq müsbət tərəflərini dilə gətirə bilərik".
Azərbaycan millisinin və "Neftçi" klubunun keçmiş futbolçusu Samir Ələkbərov isə bildirib ki, "Qarabağ"ın müdafiə xəttində ciddi problemlər var:
"İki-üç rəqibi çıxmaq şərti ilə digərləri "Qarabağ"ın xal qazana biləcəyi komandalardır. Hazırkı "Qarabağ" pley-off mərhələsinə yüksəlmək potensialına, gücünə malikdir. Xüsusilə də Aleksey Kaşuk transferi komandaya əlavə güc qatacaq. Qurban Qurbanov çox ağıllı və güclü məşqçidir. O etdiyi transferlərin hər birini dərindən düşünür.
"Qarabağ"ın hücum xətti yetəri qədər güclüdür, amma müdafiə üçün eyni sözü demək çətindir. Xüsusilə də Kevin Medina son oyunlarda çox zəif təsir bağışlayır. Bu Medina bizim tanıdığımız Medina deyil".
Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov S.Ələkbərovla həmrəylik nümayiş etdirib:
"Qarabağ"la yanaşı, hər bir klub eyni səviyyədədir. Düzdür, bəziləri daha güclüdür. "Ayaks" Niderlandın ən yaxşılarından olub. Lakin indi hansı səviyyədədir, onu deyə bilmərik. Fikrimcə, əvvəlki səviyyədə deyil. "Malmö" (İsveç) və FCSB-nin (Rumıniya) gücünə bələdik, qələbə qazanmaq mümkündür. "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan) bizim üçün tanış rəqiblərdir. Düşünürəm ki, yunanlar ötən illərə nəzərən daha da gücləniblər. Nəticələrinə baxdığımız zaman bunu görmək olur. "Tottenhem" isə İngiltərənin ən yaxşı komandalardan biridir.
Amma yenə də mübarizə aparmaqdan çəkinməməliyik. Bu komandalar arasında elə məhz londonluları favorit saya bilərik. "Bodo Qlimt" (Norveç) ilə oyunumuz soyuq aylara düşür. O qədər də güclü rəqib deyil. "Elfsborq" da (İsveç) "Qarabağ"a uyğun rəqibdir.
Aleksey Kaşukun komandaya gəlişi əlavə motivasiya verəcək. Bu futbolçunu çox yaxşı tanıyıram. "Sabah"da oynadığı zamanlarda da öz oyun tərzi ilə diqqət çəkirdi. Azərbaycan klublarını çox yaxından tanıdığı üçün "Qarabağ"a uyğunlaşması uzun müddət çəkməyəcək. Qurban Qurbanov düzgün taktiki gedişatlar qurmağı bacaran baş məşqçidir. Kaşuku transfer edibsə, demək ki, bir bildiyi var".
Rəylər