"Qarşı tərəfin məni güclü rəqib kimi görməməsinə sevinirəm".
Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da ikinci əsas döyüşdə orta çəki dərəcəsində Mişel Pereyra ilə qarşılaşacaq Şarabutdin "Shara Bullet" Maqomedov deyib.
O bildirib ki, rəqibinin ən güclü forması ilə döyüşmək istəyir:
"Rəqibimin məni zəif görməsi məni daha da motivasiya edir. Buna sevinirəm. Çünki bu azarkeşlərin möhtəşəm döyüş işləyəcəyi deməkdir. Mən döyüşçüyəm, rəqibim isə aktyor və rəqqasdır. Qələbə qazansam, bunu Dağıstana gedib, ailəmlə vaxt keçirərək qeyd etmək istəyirəm.
Mən bura öz "gəmimlə" lövbər salmışam və bütün sərvəti aparmaq istəyirəm. Əslinə qalsa UFC-də orta çəki kateqoriyasında çox güclü döyüşçülər var. Mənim üçün vacib olan oktaqonda keçirəcəyim 15 dəqiqədir. Həmin 15 dəqiqədə mən ən güclü tərəfimi göstərməyə çalışıram".
"İlk dəfədir ki, döyüşə qızlarımla gəlmişəm. Lakin onlar məni zaldan deyil televiziyadan izləyəcəklər", - deyə Ş.Maqomedov qeyd edib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.