“Mən Ukraynanın Odessa şəhərində doğulmuşam və orada yaşayıram. Hazırda Bakıda olduğum üçün vətənimdə baş verənlərlə bağlı həyəcan keçirirəm”.
Bunu Oxu.Az-a əslən Ukraynadan olan karate üzrə millimizin üzvü, dünya və Avropa çempionu, Olimpiya mükafatçısı İrina Zaretskaya deyib.
3 gün əvvəl BƏƏ-də Premyer Liqa turnirinin 10-cu dəfə çempionu olan 25 yaşlı idmançı Bakıda məşq edir. O bu səbəbdən yaxınlarının durumundan narahat olduğunu bildirib:
“Bu aydan mövsümün hazırlıqları üçün Bakıdayam. Burada məşq keçirəm. Hazırda öz yaxınlarım və dostlarım üçün çox həyəcan keçirirəm. Çünki orda hərbi vəziyyət elan olunub”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarından Ukraynaya qarşı hərbi əməliyyatların başlandığını açıqlayıb. Qara dəniz sahilində yerləşən Odessa Ukraynanın üçüncü ən böyük şəhəridir və burada da partlayış səsləri eşidilir.
Səbuhi Musa