Yalnız Ukraynada deyil, bütün dünyada güclü idmançı kimi tanınan Odessanın 18 yaşlı karateçisi İrina Zaretskaya yaxın zamanlarda fərdi qaydada Azərbaycan vətəndaşlığı alacaq.
Oxu.Az Ukraynanın “Pobeda” nəşrinə istinadən xəbər verir ki, Zaretskaya Avropa Oyunlarında Ukraynanı deyil, Azərbaycanı təmsil edəcək.
İdmançının məşqçisi Denis Morozov məlumatı təsdiq edib.
“Avropa Oyunlarında İrina həqiqətən də Azərbaycanın adından çıxış edəcək. Sonra nə olacaq – hələ məlum deyil. Yalnız onu deyə bilərəm ki, Ukrayna federasiyasının hazırda maliyyələşmə ilə bağlı ciddi problemləri var. Biz ya Azərbaycanla bağlı qərarı qəbul etməli idik, ya da beynəlxalq səviyyədə çıxışlarımıza son qoymalıydıq”, - o bildirib.
Qeyd edək ki, Zaretskaya gənclər arasında Avropa çempionu, böyüklər arasında dünya və Avropa çempionu mükafatçısıdır.