Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Velosipedçimizlə bağlı müəmmalı olay: WADA AMADA-nın qərarını qəbul etmədi
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Anti Dopinq Agentliyi (AMADA) bu gün beş idmançımızda dopinq aşkarlandığını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, açıqlanan adlardan artıq ikisinin cəzasının müddəti başa çatıb. Cəzası davam edən üç idmançıdan ən məşhuru isə rusiyalı legionerimiz Kirill Pozdnyakovdur.
Velosipedçimizin cəzası iki illikdir və hazırkı cəzası 2019-cu il mayın 11-dən hesablanır. Onun cəzası 2021-ci il mayın 11-də başa çatsa da, idmançının sanksiya müddətinin son altı ayı sınaq müddəti kimi verilib. Yəni K.Pozdnyakov artıq 2021-ci il yanvarın 2-dən cəzasını başa vurmuş hesab oluna bilər.
Lakin məlum olub ki, K.Pozdnyakovun qanında dopinq ötən il aşkarlanıb və cəzası da ötən il başlayıbmış. Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev saytımıza açıqlamasında bildirib:
“Ötən il iyunun sonunda şose velosipedi üzrə Azərbaycan çempionatı keçirildi. Bu çempionatın qalibi K.Pozdnyakov oldu. AMADA dopinq test götürərkən onda metilfenidat metaboliti aşkarlandı. Əslində bu maddə Pozdnyakov tərəfindən idman nəticəsini yaxşılaşdırmaq üçün qəbul edilməyib. Onsuz da Kiril yığmanın ən güclü idmançısıdır və onun çempionluğu heç kimdə şübhə doğurmurdu.
Sadəcə olaraq, Pozdnyakov əvvəlki yarışlarda yıxılaraq çoxlu travmalar almışdı. Bu isə onda bir fobiya, psixoloji gərginlik yaratmışdı. Onun qəbul etdiyi bu maddə də məhz psixoloji durumunu yaxşılaşdırmaq üçün idi. Bütün bunlar AMADA-ya da izah olunmuşdu. Onlar bunu yüngülləşdirici hal kimi qəbul edib 2018-ci ilin iyulundan idmançıya doqquz aylıq sanksiya tətbiq etdilər. Bu cəza bu ilin martında başa çatırdı, apreldən etibarən yarışlarda iştirak edə bilərdi.
Pozdnyakov da ötən ilin sonlarında Belçika komandası ilə müqavilə bağlamışdı. Bu ilin aprelindən həmin doqquz aylıq cəza başa çatdığından, velosipedçimiz bu komandanın üzvü kimi yarışlarda iştirak edib”.
Lakin idmançının cəzası başa çatsa da, Dünya Antidopinq Agentliyi (WADA) AMADA-nın qərarı ilə razılaşmayıb. Bu üzdən cəzanın müddəti artırılıb. Ən maraqlısı isə odur ki, K.Pozdnyakovun əvvəl çəkdiyi doqquz aylıq cəza hesablanmayıb və ondan daha iki illik cəza çəkmək tələb olunub:
“AMADA prosedur halı kimi bu cəza ilə bağlı WADA-nı məlumatlandırmışdı. WADA isə AMADA-nın verdiyi doqquz aylıq cəzanı qəbul etmədi ki, siz niyə öz tərəfinizdən belə az cəza vermisiniz? Bu üzdən WADA cəzanı iki illik etdi.
Təbii ki, WADA-nın bu qərarı ilə nə federasiyamız, nə də idmançı razılaşdı. Bundan sonra qərardan şikayət etmək üçün Kirill hüquqi məsələlərə başladı, qərarın ləğv olunması üçün vəkil tutdu. Lakin WADA şikayəti qəbul etmədi və qərarını qüvvədə saxladı. İdmançı aprel-may aylarında yarışa çıxdığından, WADA bu cəzanın bu ilin may ayından hesablandığını açıqladı. Halbuki 2018-ci ilin iyunundan hesablansaydı, 2020-ci ilin iyulunda cəzası başa çatar və avqustda keçiriləcək Tokio Olimpiadasında iştirak etmək şansını saxlayardı.
Amma proses hələ də tam bağlanmayıb. İdmançı fərdi şəkildə İdman Arbitraj Məhkəməsinə WADA-nın qərarından şikayət etməyə hazırlaşır”.
Qeyd edək ki, 30 yaşlı K.Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Sinerci” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.
Səbuhi Musayev
Rəylər